İran İslam Şurası Məclisinin sədri Mohəmməd Baqer Qalibaf Türkiyə parlamentinin sədri Mustafa Şentopla telefon əlaqəsində iki ölkənin dost əlaqələrinə toxunub. Bildirib ki, İran İslam Şurası Məclisi qarşılıqlı münasibətlərin genişləndirilməsi istiqamətində atılacaq hər cür addımı alqışlayır.
Qalibaf həmçinin bildirib ki, tezliklə bu məclisdə İran-Türkiyə dostluq-parlament qrupu yaradılacaq. O, həmçinin Suriya barədə olan Astana razılaşması çərçivəsində İran-Rusiya-Türkiyə danışıqlarının davam etdirilməsinin önəmini vurğulayıb.
Türkiyə parlamentinin sədri Mustafa Şentop da bu telefon söhbətində İran İslam Şurası Məclisinin sədri seçilməsi münasibətilə Qalibafı təbrik edib, Türkiyə parlamentinin siyasi, iqtisadi və mədəni, xüsusən parlament əlaqələri sahələrində qarşılıqlı dostluq münasibətlərinin gücləndirilməsi və möhkəmləndirilməsinə hazır olduğunu vurğulayıb.