Moskvada son 10 ilin rekord ölüm faizi qeydə alındı
Moskvada son 10 ilin rekord ölüm faizi qeydə alındı
Statistikaya görə, 2020-ci ilin aprel ayında Rusiya paytaxtında 11846 ölüm hadisəsi qeydə alınıb.

Rusiyanın paytaxtı Moskvada aprel ayında son onilliyin rekord ölüm faizi qeydə alınıb.

Bu barədə məlumat Moskva meriyasının bilgi bazasında yer alıb. Xəbəri “Report” “The Moscow Times” qəzetinə istinadən yaymışdır.

Statistikaya görə, 2020-ci ilin aprel ayında paytaxtda 11846 ölüm hadisəsi qeydə alınıb. Bu, 2010-cu ildən bəri qeydə alınmış ən yüksək göstəricidir.

Müqayisə üçün, ötən ilin eyni dövründə 10005 ölüm qeydə alınmışdı. Beləliklə, ölüm səviyyəsi keçən ilə nisbətən 15,5% artıb.

Bundan başqa, 2010-cu ildən 2019-cu ilədək aprel ayında qeydə alınmış ölüm hallarının orta sayı 9 866 nəfər təşkil edib. Bu, 2020-ci ilin aprel ayında qeydə alınmış ölüm hadisələrindən 20% azdır.

Qeyd edək ki, son məlumata görə, Moskvada pandemiya qurbanlarının sayı 1124 nəfərdir. Son sutkada isə bu rəqəm 56 nəfər təşkil edib. Paytaxtda indiyədək 115909 nəfərə COVID-19 diaqnozu qoyulub. Bu göstəriciyə görə şəhər Çin və İranı qabaqlayır.

  • Mənbə: Səhər Azəri